Azərbaycanın qeyri-neft ixracı 18 faizə yaxın artıb
Bakı, 10 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard dollar təşkil edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə-tərəvəz ixracı isə 46,6 faiz artıb.
Bu ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 faiz artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. Cari ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə isə 1,5 faiz artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.