Azərbaycanın qeyri-neft ixracı 525,3 milyon dollar artıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Cari ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8 faiz artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2 faiz təşkil etməklə 224,7 milyon dollar olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artaraq 46,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 90 faiz artaraq 178,5 milyon dollar təşkil edib.