Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunan infotur başa çatıb
Bakı, 3 mart, AZƏRTAC
Moskva şəhərində fəaliyyət göstərən Rusiyadakı turizm nümayəndəliyimiz “Tour A Vent” şirkəti tərəfindən fevralın 27-dən martın 2-dək Azərbaycanda təşkil olunan infotur başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, infotur çərçivəsində nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Şahdağ Turizm Mərkəzinə də səfər edib.
Şahdağda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri hotellərdə yaradılan şərait, infrastruktur və xidmətlərlə tanış olub, qondola və kanat yollarından istifadə edərək mərkəzdəki yüksəkliklərdən ətraf mənzərəni seyr edib, xizək sürüblər.
Həmçinin, səfərin sonunda nümayəndə heyəti Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa” mehmanxanası ilə də tanış olublar.
Qeyd edək ki, cari ilin fevralın 24-də Moskva şəhərində Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi açılıb. Bunun nəticəsi olaraq 2017-ci ilin fevral ayınadək “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcəkdir. Nümayəndəlik tərəfindən belə infotur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.