Azərbaycanın turizm potensialı Los Ancelesdə keçirilən səyahət və macəralar sərgisində nümayiş olunmuşdur
Vaşinqton, 12 fevral (AZƏRTAC) Azərbaycanın “Al Travel”, “Caspian Breeze”, “CBT Azərbaycan” və “İntour Travel” turizm şirkətlərini bir araya gətirən “Azərbaycan möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsi ölkəmizin turizm potensialını fevralın 8-dən 10-dək Los Ancelesdə keçirilən doqquzuncu səyahət və macəralar sərgisində nümayiş etdirmişdir.
“Azərbaycan möcüzələri” layihəsi ABŞ ictimaiyyəti arasında ölkəmizin turizm potensialını təşviq etmək və ABŞ-ın turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında respublikamıza müxtəlif istiqamətlər üzrə yerli şirkətlərin tərtib etdiyi konkret səyahət paketlərini təklif etmək məqsədi ilə həyata keçirilir.
“Azərbaycan - Odlar Yurdu, tolerantlıq diyarı” adı altında keçirilən tədbirdə yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırmışlar.
Tədbirin təşkilatçıları bildirirlər ki, hər ilin fevralında keçirilən və dünyanın müxtəlif yerlərinə səyahət xidmətlərini təklif edən, 400 nəfərdən çox mütəxəssisin və turizm şirkətlərinin qatıldıqları Los Anceles səyahət və macəralar sərgisi iştirakçılarının sayına görə ABŞ üzrə ən böyük beynəlxalq səyahət sərgisi hesab olunur. Bu ilki tədbirdə 28 min nəfərdən çox iştirakçının olduğu bildirilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton