AZƏRBAYCANIN VƏ RUSİYANIN ƏMƏKDAŞLIQ ÜÇÜN YAXŞI PERSPEKTİVLƏRİ VAR
Məsələn, “Rossiyskaya” qəzetinin biznes əlavəsində dekabrın 23-də dərc olunmuş “Heydər Əliyev nə qoyub getdi: Azərbaycanın və Rusiyanın əməkdaşlıq üçün yaxşı perspektivləri var” sərlövhəli məqalədə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri təhlil edilir. Məqalənin müəllifi Aleksey Çiçkin Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakovun bu fikrini misal gətirir: “Heydər Əliyevin məqsədyönlülüyü və uzaqgörənliyi sayəsində Azərbaycan vaxtilə qabaqcıl sovet respublikalarından birinə, indi isə böyük məbləğdə xarici, o cümlədən də Rusiyanın kapital qoyuluşlarının cəmləşdiyi ölkəyə çevrilmişdir. Əliyevin nüfuzu xaricin Azərbaycan iqtisadiyyatına, ilk növbədə, bu iqtisadiyyatın özəyi olan neft-qaz sənayesinə etimadı üçün mühüm amildir. Gələcəkdə Azərbaycan neft-qaz məhsullarının, eləcə də dərindən emal edilmiş məhsulların ən iri hasilatçılarından və ixracçılarından biri ola bilər”.
Məqalədə həmçinin deyilir ki, Azərbaycanın nəinki xammal bazası, həm də coğrafi mövqeyi onun MDB-də, eləcə də iqtisadi-siyasi koordinatların regional sistemində xüsusi yerini bəri başdan müəyyənləşdirir. Bu, həqiqətən, belədir: Azərbaycanın Xəzərə geniş çıxışı, Rusiya və İranla uzun sərhədləri var. Müəllif vurğulayır ki, indi Azərbaycan xarici kapitalın həcminə görə MDB-də Rusiyadan sonra ikinci yer tutur.
A.Çiçkin Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinə toxunaraq yazır ki, Bakının və Moskvanın mənafeləri iqtisadi və coğrafi-siyasi cəhətdən sıx çulğaşmışdır. Burada Rusiya Prezidenti Vladimir Putinin bu fikri də xatrladılır ki, Rusiyanın hərbi-siyasi təhlükəsizliyi, Xəzər hövzəsində vəziyyət və Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı surətdə sıx bağlıdır.
Müəllif sonda inamla bildirir ki, Azərbaycan Rusiya ilə sıx əməkdaşlıq edir və Azərbaycanın yeni rəhbərliyinin Rusiya ilə münasibətləri təzədən qurmağa çətin ki, ehtiyacı olsun: bu iki ölkənin tərəfdaşlığını coğrafiya da, iqtisadiyyat da, coğrafi-siyasət də şərtləndirir”.
Rusiyanın bir çox siyasətçiləri və ekspertləri də bu fikirdədir və hesab edirlər ki, ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin inkişafında irəliyə doğru ciddi sıçrayış gözlənilir.