Azərbaycanın xarici ölkələrdə olan turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Bakı Ekspo Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Körfəz ölkələrində, eləcə də Almaniya, Rusiya və Türkiyədə olan turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Atlantis Holidays” və “Aviareps” turizm şirkətinin hesabatı, həmçinin gələcəkdə görüləcək işləri barədə məlumatlar dinlənilib.
Sonra Rusiyada yaradılan “Tur A Vent” şirkəti və Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi olan “Gateway” şirkəti görüləcək işlər və il ərzində reallaşdıracaqları layihələrdən söz açıblar.
Görüşdə Ə.Qarayev turizmin iqtisadiyyatın prioritet sahələrindən biri olduğunu və hansı istiqamətlərinin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Bundan əlavə hər bir turizm nümayəndəliyinə Azərbaycanı təmsil etdiyi ölkələrdən turistlərin necə cəlb olunması haqqında tövsiyə və tapşırıqlarını verib. Eyni zamanda bildirib ki, reklam işinin təşkili üzrə müxtəlif təqdimatların keçirilməsi və sosial mediada daha aktiv fəaliyyət göstərilməsi nümayəndəliklərin əsas vəzifələrindən biridır.
Azərbaycanda hər il keçirilən beynəlxalq mədəni proqram və festivallara turistlərin cəlb olunmasının vacibliyini bildirən nazir, bu istiqamətdə işlərin görülməsinin də vacibliyini vurğulayıb.