Azərbaycanlı tələbələr İsraildə təcrübə keçəcək
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələrin ölkə daxilində və xaricdə yerləşən nüfuzlu otellərdə, həmçinin müvafiq strukturlarda 2 və 5 aylıq təcrübə semestrində iştirakına xüsusi önəm verir.
ATMU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə işlərin davamı olaraq universitetin 30-dək 3-cü kurs tələbəsi İsrailin Eilat şəhərindəki “İsrOtellər” şəbəkəsinin nüfuzlu otellərində 5 ay müddətində istehsalat təcrübəsi keçmək məqsədilə bu ölkəyə yola düşüb.
Qeyd edək ki, yola düşməzdən əvvəl tələbələrlə İsrailin Bakıdakı səfirliyində görüş keçirilib. Görüşdə İsrailin ölkəmizdəki səfiri Dan Stav Azərbaycan Turizm və Menecment Universiteti ilə “İsrOtel” mehmanxanalar şəbəkəsi arasındakı əməkdaşlıq çərçivəsində gerçəkləşən proqramın 9-cu fəaliyyət ilinin də səmərəli olacağına əminliyini bildirib, tələbələrə növbəti təcrübə semestrində uğurlar arzulayıb.