“Azercell”in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Bakı, 27 aprel, AZƏRTAC
Bu ilin noyabr ayında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və “Azercell” Telekom MMC-nin birgə təşkilatçılığı ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
“Azercell”dən AZƏRTAC-a verilən məlumata görə, budəfəki yarışlarda gənclərə əlavə 2 idman növü üzrə də mübarizə aparmaq imkanı yaradılıb. Belə ki, ötən il keçirilən I Uşaq Paralimpiya İdman Oyunlarında yeniyetmələr cüdo, boccia, tennis və üzgüçülük idman növləri üzrə güclərini sınayıblar.
Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımovun sözlərinə görə, Uşaq Paralimpiya Komitəsi bu ildən etibarən görmə qabiliyyəti zəif olan idmançılar üçün qolbol idman növünü də yarışlara əlavə edib: “Bununla yanaşı, əlil arabasında rəqs idman növü də yarışlar siyahısına əlavə edilib. Gənc idmançıların bu yeni idman yarışlarına cəlb olunması istiqamətində artıq Uşaq Paralimpiya Komitəsi işlərə başlayıb. 50-ə yaxın idmançını öz ətrafında birləşdirən komitə bu ilin sonuna qədər maraqlı işləri və yeni layihələri ilə idmançıları sevindirəcək”, - deyə Natiq Qasımov bildirib.
Məlumat üçün bildirək ki, 2014-cü ildən “Azercell” şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.
Daha ətraflı məlumatı [email protected] ünvanından əldə etmək olar.