“Azərenerji” ASC Şimal Elektrik Stansiyasının ərazisində ağacəkmə aksiyası keçirmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində “Azərenerji” ASC “Yaşıllaşdırma proqramı” tərtib etmişdir. Proqramda tabe müəssisələrinin yerləşdiyi ərazilərin iqlimi, torpaq quruluşu və s. nəzərə alınmaqla həmin mühitə uyğun və xas olan bitkilər (ağac, dekorativ kol, gül kolu) müəyyənləşdirilmiş və bunların əkilməsi üçün yararlı və boş sahələr, həmçinin əkiləcək ağacların sayı dəqiqləşdirilmişdir. Azərbaycanın təbii iqlim zonalarının temperatur dəyişmələri nəzərə alınaraq, ağacların əkilməsi müddəti noyabrın 20-dən dekabrın 30-dək müəyyənləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC dekabrın 15-də Abşeron yarımadasının Şüvəlan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ağacəkmə kampaniyası keçirmişdir.
“Azərenerji”nin Ekologiya İdarəsinin rəisi Zaur Məmmədov bildirmişdir ki, buranın iqlim və torpaq şəraitinə müvafiq olaraq Dərman rozmarini, Eldar şamı, həmişəyaşıl sərv, daş palıd, Traxakarpus və Xamerops palması, Avropa zeytunu, Lənkəran akasiyası, yapon saforası və əzgili, xırdayarpaq qarağac, Türküstan qarağacı və qovağı, ərik, püstə, nar, gilənar, əncir, qoz və qismən şabalıd ağaclarının əkilməsi məqsədəuyğundur. Bugünkü aksiyada 300 Eldar şamı əkiləcəkdir. Cari ilin sonunadək isə ümumilikdə minə yaxın ağac əkiləcəkdir.
Qeyd edək ki, “Azərenerji” ASC ətraf mühitin yaxşılaşdırılmasına imkan verən texnologiyaların tətbiqi istiqamətində də müvafiq tədbirlər həyata keçirir. İstifadəyə verilmiş yeni 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası təmiz inkişaf mexanizmi prinsipi ilə istismar olunur və BMT tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalmışdır.