İQTİSADİYYAT
“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü
Bakı, 2 may, AZƏRTAC
SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə qalibi olan dörd nəfər gənclə görüş keçirilib.
IB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə baş direktor Ruslan Əliyev və digər rəhbər şəxslər gənclərə qurumun iş prosesi haqqında ətraflı məlumat veriblər. “Azəriqaz” rəhbərliyi, həmçinin gənclərin təcrübəsi, təcrübə zamanı qarşıya çıxan problemlər, onların qayğıları ilə yaxından maraqlanıb. Aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
Xatırladaq ki, gənclərin “Azəriqaz”da təcrübəsi fevralın 21-dən başlanıb və iyul ayınadək davam edəcək.
SOCAR tərəfindən istedadlı gənclərin potensialının aşkar edilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III və IV kurslarında, həmçinin magistraturada təhsil alan gənclərə təqaüd verilməsi, onların inkişafının təmin olunması və yüksək potensiallı gənclərin SOCAR-da işlə təmin edilməsi üçün “Gənc istedadlar” proqramına start verilib. Təcrübə müddətini və yekun seçim mərhələsini uğurla keçən namizədlərə Birlik tərəfindən iş təklifi olunacaq.