AZƏRPAŞA NEMƏTOVUN YENİ TAMAŞASI SƏHNƏYƏ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Teatr Xadimləri İttifaqında (TXİ) Uilyam Şekspirin “Timon Afinski” pyesi əsasında yeni tamaşaya ictimai baxışın yekunlarına həsr edilmiş mətbuat konfrası keçirilmişdir.
Teatr Xadimləri İttifaqının səhnəsində göstərilmiş tamaşanın quruluşçu rejissoru bu yaradıcılıq təşkilatının sədri, xalq artisti, professor Azərpaşa Nemətov, quruluşcu rəssam xalq rəssamı Nazim Bəykişiyev, bəstəkar Siyavuş Kərimi, tərcüməçi İsrafil İsrafilov, baş prodüsser Ələkbər Tağızadədir. Timon rolunu xalq artisti Fuad Poladov ifa edir.
Yazıçı Rövşən Sənanoğlunun sözlərinə görə, “Timon Afinski” əsəri klassik səhnə baxımından ənənəvi olmayan şəraitdə yaradılmış unikal materialdır. R.Sənanoğlu demişdir: “Bu, adi tamaşa deyil, yeni traktovka tələb edən klassikaya müraciətdir. Tamaşa antrepriza xarakterlidir. Kastink sayəsində Bakının və Sumqaytın 12 teatrından aktyorlar seçilmişdir. Tamaşada 24 aktyorun iştirak etməsi faktı bu əsər üzərində çox böyük iş görülməsinə dəlalət edir”.
Onun sözlərinə görə, yeni tamaşa təkcə azərbaycanlı sənətsevərlər deyil, həm də əcnəbi tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Əvvələn ona görə ki, bu tamaşa Azərbaycan teatr sənəti məktəbinin uğurudur. İkincisi, dramaturji materialın özü Azərbaycanda teatr səhnəsinə ilk dəfə çıxarılır.
A.Nemətov qeyd etmişdir ki, sonuncu tamaşa bəlkə də ən maraqlı işdir. Burada bütün aktyorlar gərginlik və əsəbilik keçirmədən onlardan tələb olunan işi görmüşlər. Ona görə də bu kollektivlə işləmək çox rahat idi.
Xatırladaq ki, “Timon Afinski” tamaşasının premyerası oktyabrın axırlarında olacaqdır.