“AZERROS” QƏZETİNİN ALTI YAŞI TAMAM OLUR
Qəzet bu illər ərzində Rusiya və Azərbaycan cəmiyyətlərində baş verən mühüm proseslərdən, ortaya çıxan problemlərdən, Rusiyadakı azərbaycanlıların həyatından bəhs etmişdir.
“Azerros”un baş redaktoru, Rusiya Jurnalistlər İttifaqının (RJİ) üzvü Cəmil Sadıxbəyov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Rusiya siyasi xadimlərinin, ictimai-siyasi və mədəniyyət təşkilatlarının qəzetin ünvanına gələn minnətdarlıq məktubları nəşrin fəaliyyəti barədə geniş təsəvvür yaradır. Rusiya xalqlarının özgürlüyünün qorunub saxlanmasına və birliyinin möhkəmlənməsinə, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfəyə görə qəzet RJİ-nin, Rusiya Xalqları Assambleyasının, Azərbaycan Milli Məclisinin və Rus icmasının mükafat və diplomlarına layiq görülmüşdür. “Azerros” “Millətlərarası əməkdaşlığın möhkəmləndirilməsi sahəsində böyük işə görə” nominasiyasında “Bütün Rusiya” Ümumrusiya kütləvi informasiya vasitələri festivalının laureatı, “Ədavətsiz və düşmənçiliksiz” mövzusunda regional mətbuat müsabiqəsinin qalibidir.
Qəzet nəşrə başladığı vaxtdan bəri həm diasporumuzun üzvləri, həm də rusiyalılar arasında kifayət qədər məşhurlaşmışdır. Redaksiya AFMM-in hamiliyi ilə daim humanitar tədbirlər keçirir. “Qan millət tanımır” adlı sonuncu aksiya zamanı müxtəlif millətlərin nümayəndələri AFMM-in ofisində qan vermişlər.