Aztəminatlı ailələrə bayram sovqatı paylanıb
Bakı, 19 mart, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələr üçün ənənəvi sosial aksiya keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, aksiya iştirakçıları Yasamal rayonu ərazisində yaşayan 240 aztəminatlı ailəyə baş çəkərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını verib və onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Bundan əlavə, 240 ailənin içərisində ən çox ehtiyacı olan 4 ailəyə gündəlik istifadə üçün də ərzaq məhsulları təqdim edilib. Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq, insanlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi bəxş etmək məqsədi daşıyır.