CƏMİYYƏT
Aztəminatlı ailələrə göstərilən sosial yardım genişləndirilir
Bakı, 14 avqust, AZƏRTAC
Bu il iyulun 1-nə olan məlumata əsasən, yaşa görə aylıq müavinət alanların sayı 152,1 min nəfər, əlilliyə görə 219,2 min nəfər (onlardan 44 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilənlərdir), ailə başçısını itirməyə görə 54,5 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,6 min nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildiriblər ki, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 4,5 min ailəsinə 6,8 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 179 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət ödənilib.
Bundan başqa, 2 min 797 nəfər bir yaşınadək uşağı olan 2 min 714 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 11,8 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 291 şəxsə isə kompensasiya verilib.
Bu ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 21,1 min ailəyə 22 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,4 min nəfərə birdəfəlik müavinətlər verilib. 61,5 min aztəminatlı ailənin 266,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və bunun bir nəfərə düşən orta aylıq məbləği 109,6 manat təşkil edib. Eyni zamanda, müxtəlif kateqoriyadan olan 397,4 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.