AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektor vəzifəsini icra edən Vilayət Vəliyev Fizika-riyaziyyat və informatika təmayüllü liseydə abituriyentlərlə görüşüb. Görüşdə hər iki universitetin əməkdaşları iştirak edib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Vilayət Vəliyev AzTU və TAU-da tədris mühiti, beynəlxalq əlaqələr, laboratoriyalar, ikili diplom proqramları, yeni layihələr və müasir yanaşmalar barədə abituriyentlərə ətraflı məlumat verib.
Daha sonra çıxış edən hər iki universitetin nümayəndələri ayrı-ayrı ixtisaslar üzrə tədris proqramları, tələbələr üçün yaradılan şərait barədə geniş təqdimat ediblər.
İnteraktiv formatda davam edən görüşdə abituriyentləri maraqlandıran suallar cavablandırılıb.