“BAKI BİZƏ GÖZƏL ŞEİRLƏR BƏXŞ ETDİ”
Bakı, 27 yanvar (AZƏRTAC). Bu sözləri yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir.
“Nurlan” nəşriyyatında rus dilində III cilddə çapdan çıxmış “Azərbaycan poeziya antologiyası”nın təqdimat mərasiminə yığışan insanların üzündə bir fərəh, bir sevinc var idi. Çünki, bu gün mədəniyyətlərin, sivilizasiyaların, şeriyyatın bayramı idi.
Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin həmişə şeiri sevdiyini və Azərbaycan şairlərinin şeirlərindən xüsusi zövq aldığını diqqətə çatdırmışdır.
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Azərbaycan mənəviyyatının zənginliyi və müdrikliyinin bu əsərlərdə əks olunduğunu bildirmişdir. O, kitabların tərcümə edilib yayılmasının qardaş xalqların yaradıcılığına müsbət təsirindən danışmışdır.
AYB-nin sədri, xalq yazıçısı Anar, birliyin katibləri xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, “Dünya” jurnalının redaktoru Səlim Babullaoğlu ədəbiyyatlar arasında əlaqənin vacibliyini vurğulamışlar.
Azərbaycan klassik və müasir ədəbiyyat nümunələrindən seçmələrin ruscaya tərcüməsini alqışlayan natiqlər təklif etmişlər ki, yaxın zamanlarda rus klassik poeziyası nümunələri də Azərbaycan dilinə çevrilsin.
Antologiyanın ərsəyə gəlməsində böyük əmək sərf etmiş filologiya elmləri doktoru, professor Həsən Quliyev tədbirin təşkilatçılarına və iştirakçılarna minnətdarlığını bildirmişdir.