COP29
Bakı İqlim Fəaliyyəti Həftəsi: Şəxsi maliyyə üçün yolun yaradılması
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Şəxsi maliyyə üçün yolun yaradılması” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin müxtəlif mövzularda müzakirələrlə gəncləri və mütəxəssisləri bir araya gətirdiyini bildirib.
COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev gələn həftə COP öncəsi keçiriləcək tədbirdə təxminən 70 ölkənin nümayəndəsinin Azərbaycanı ziyarət edəcəyini diqqətə çatdırıb: “Nazir və nazir müavinləri səviyyəsində çox mühüm məsələlər, yeni maliyyələşmə hədəfləri müzakirə olunacaq.
Bu il kifayət qədər müzakirə 6-cı maddə olan karbon bazarına həsr olunacaq. Özəl sektorun da bu məsələni müzakirə etməsində çox maraqlıyıq.
Günümüzdə karbon bazarının 2-3 milyard dollar potensialının 200-300 milyard dollara çatması gözlənilir. Biz də öz növbəmizdə fəaliyyətlərin miqyasını genişləndirmək istəyirik. Odur ki, maliyyə bazarlarına çıxışın sadələşdirilməsini müzakirə edəcəyik. Bu, həm COP zamanı, həm də oktyabrın sonlarında Vaşinqtonda Bank Həftəsində müzakirə olunacaq. COP29 komandası da kifayət qədər bank sektorunun bizimlə birlikdə müzakirədə iştirakına hədəflənib. Həmin prosesdə yaxından iştirak çox önəmlidir ki, müzakirələri gələcəkdə də davam etdirə bilək”.
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov isə bankların kütləvi şəkildə yekdilliklə könüllü olaraq maliyyə öhdəlikləri götürdüyünü diqqətə çatdırıb: “Buna COP29 zamanı maliyyə vədi demək olar. Həmin maliyyə vədi kollektiv şəkildə “yaşıl keçid”ə töhfə verəcək. Maliyyə sabitliyi olmasa, maliyyə sektoru heç bir vəchlə “yaşıl keçid”ə dəstək göstərə bilməz. Maliyyə qurumları konkret tədbirlərin icra olunmasının əhəmiyyətini dərk edirlər. Biz həmin istiqamətdə fəaliyyətə başlamışıq. Əminəm ki, hamılıqla öz gücümüzü səfərbər edib daha yaşıl gələcəyimiz üçün çalışa bilərik. Bir tərəfdən maliyyə sabitliyi, digər tərəfdən maliyyə hədəflərinə çiyin-çiyinə birlikdə nail ola bilərik”.
Dəyirmi masa müzakirə və təqdimatlarla davam edib.