“BAKI-NEW-YORK-TRANZİT” SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam İsmayıl Məmmədovun “Bakı-New-York-Tranzit” adlı fərdi sərgisi açılmışdır.
Son bir ildə Amerika Birləşmiş Ştatlarında yaşayan rəssamın sərgidə 100-dən çox rəngkarlıq-qrafika əsərləri nümayiş etdirilir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, xalq artisti, rejissor Oqtay Mirqasımov, xalq artisti Rafiq Əzimov və başqaları İsmayıl Məmmədovun həyat və yaradıcılığından, Vətənə bağlılığından, sənətkarlıq xüsusiyyətlərindən söhbət açmışlar.
İ.Məmmədov 60-ci illərin əvvəllərində Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, SSRİ xalq rəssamı, professor Yefsey Moisenkonun sinfini bitirmişdir. 1976-cı ildən respublika və beynəlxalq rəsm sərgilərində iştirak etmişdir. O, səhnə rəssamlığı ilə də məşğul olmuş, Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, Əli Əmirlinin “Köhnə ev”, “Varlı qadın”, Nazim Hikmətin “Kəllə” və başqa əsərlərin tamaşalarına tərtibat vermişdir.
Sərgidə nümayiş olunan əsərlər içərisində Bakının tarixi yerləri, memarlıq abidələri, təbiət lövhələri, həmçinin ABŞ mənzərələri diqqəti xüsusilə cəlb edir.
Sərgi oktyabrın 30-na qədər davam edəcəkdir.