Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsi bir neçə otel ilə memorandum imzalayıb
Bakı, 11 aprel, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsi bu mötəbər yarışla əlaqədar ölkəmizə gələcək idmançıların və nümayəndə heyətlərinin üzvlərinin yerləşəcəyi otellər - “Fairmont Hotel”, “Holiday Inn”, “Park Inn”, “Intourist”, “Boulevard Hotel”, “Qafqaz City”, “Qafqaz Sport”, “Hilton” və “Days Inn” ilə əməkdaşlıq barədə memorandum imzalayıb.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən bu qurumun direktoru Mahir Məmmədov əməkdaşlığa görə otellərin təmsilçilərinə minnətdarlığını çatdırıb. O, Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsində otellərin rolunun əhəmiyyətli olduğunu qeyd edərək deyib: “Bakıda çoxlu sayda yüksək səviyyəli otellər var. Əməliyyat Komitəsi olaraq, əməkdaşlıq etdiyimiz otellərin ən yaxşıların sırasında olduğuna əminik. Olimpiadada 175-dən çox ölkədən 2500-dən artıq şahmatçı, məşqçi, rəsmilər və qonaqlar paytaxtımıza gələcək. Onların 15 gün ərzində yaxşı şəraitdə yaşamasını təmin etmək vacibdir. Ən vacib məqamlardan biri qidalanma ilə bağlıdır. Kütləvi yarışlarda hamını razı salmaq çətin olsa da, bu, mümkündür. Sizinlə birgə 42-ci Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyimizə inanırıq”.
FİDE-nin vitse-prezidenti, hazırda qurumun rəhbəri vəzifəsini icra edən Georgios Makropulos olimpiadaya dəstək olduqları üçün bütün otellərə minnətdarlığını ifadə edib: “Şahmat Olimpiadası idman təqvimində ən kütləvi yarışlardan biri sayılır. 175-dən çox ölkənin iştirak etdiyi yarışda qonaqların qalacağı məkan diqqət mərkəzində olan amillərdən biridir. Şahmat Olimpiadasının bir hissəsi olaraq, Əməliyyat Komitəsi ilə əməkdaşlığa görə sizə təşəkkür edirik. Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışları uğurla təşkil edib. Ötən il Dünya Kuboku bu gözəl şəhərdə yüksək səviyyədə keçirildi. Ona görə Bakıdakı Olimpiadanın da ən yaxşı xatirələrlə yadda qalacağına ümid edirik”.