Bakı Şəhər İcra Hakimiyyətində yeni layihəyə başlanılıb
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və Tarix İnstitutunun yeni layihəsi olan “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə icra hakimiyyətində keçirilən və Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş elmi-praktik konfransda bildirilib.
Tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, “Heydər Əliyev” kitabı Bakı meriyası və Tarix İnstitutunun yeni layihəsidir. Kitaba alimlərin, Ulu Öndərlə birgə çalışmış dövlət xadimlərinin Ümummilli Liderin həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı memuar xarakterli elmi-bioqrafik məqalələri daxil ediləcək.
Eldar Əzizov vurğulayıb ki, bu gün Azərbaycan postsovet məkanında lider dövlətdir, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz dünyada öz layiqli yerini tutur. Bu siyasətin əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub və o, bugünkü müasir, müstəqil Azərbaycanın yaradıcısıdır. Ulu Öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi uğurla inkişaf etdirir.
Konfransda AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Ulu Öndər Heydər Əliyev: həyat və fəaliyyətinin tarixi dövrləri”, Milli Məclisin deputatı Aydın Hüseynov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Heydər Əliyevin güclü dövlət fəlsəfəsi və milli ideologiyası”, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynli “İnkişaf və Zəfər strategiyası: Heydər Əliyevdən İlham Əliyevə”, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi, tarix elmləri doktoru Fərhad Cabbarov “Heydər Əliyevin irsində Qərbi Azərbaycan problemləri” mövzularında məruzələrlə çıxış edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif məqamlarına nəzər salıblar.