Bakı Slavyan Universitetində birinci Avropa Oyunlarının qalibləri ilə görüş keçirilib
Bakı, 2 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Mayın 2-də Bakı Slavyan Universitetində (BSU) birinci Avropa Oyunlarının qalibləri ilə tələbələr arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Asif Hacıyev son illərdə Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərdən, həmçinin BSU gənclərinin də idman sahəsində uğurlarından söz açıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Bu gün Azərbaycan idmançıları mötəbər beynəlxalq dünya miqyasında böyük uğurlar qazanırlar, Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edir.
Sonra Milli Olimpiya Komitəsinin əməkdaşı, BSU-nun IV kurs tələbəsi Badam Bədəlova görüşün əhəmiyyətindən danışıb. O bildirib ki, tədbirin məqsədi gənclər arasında idmana marağı artırmaqdır. Bakı Slavyan Universitetində təhsil alan tələbələr idman sahəsində keçirilən yarışlarda dəfələrlə Azərbaycan bayrağını yüksəyə qaldırıblar. B.Bədəlova “Bakı-2015” birinci Avropa Oyunlarında BSU-nun könüllü gənclərinin də fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarının çempionları İlham Zəkiyev və Rəsul Çunayev, gümüş medalçı Fəridə Əzizova, bürünc mükafatın sahibi Niyazi Əliyev iştirak eldiblər.
Peşəkar idmançılar idmanda müvəffəqiyyət qazanmağın sirlərini tələbələrlə bölüşüb, onlara tövsiyələrini veriblər.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.