BAKI SLAVYAN UNİVERSİTETİNİN MADDİ-TEXNİKİ BAZASININ YAXŞILAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkəmizin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri olan Bakı Slavyan Universitetinin elmi-metodik potensialının daha da artırılması, tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı Slavyan Universiteti binasının əsaslı təmir olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Slavyan Universitetinə 1,0 milyon (bir milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti ilə razılaşdırılmış bölgüyə əsasən maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2008-ci il.