“Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihəsi uğurla həyata keçirilir
Bakı, 30 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, 2012-ci il noyabrın 13-də Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbinin institusional potensialının və texniki imkanlarının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı ikiillik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi turizm sektoru üçün peşəkar kadrların hazırlanması məqsədi ilə Bakı Turizm Peşə Məktəbinin potensialının gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Layihənin icrası nəticəsində Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndiriləcək, onun tədris və təlim planları təkmilləşdiriləcəkdir. Layihə, həmçinin turizm sektorunda xidmətin səviyyəsinin yüksəldilməsi, turizm sektoru üçün ixtisaslı kadrların hazırlanması, yerli xidmət sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə mövcud olan digər məsələlərin həllinə xidmət edəcəkdir.
Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün ixtisas üzrə müvafiq təlim kursları, həmçinin etika, estetika, psixologiya, konfliktologiya və ingilis dili tədris olunur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədi ilə praktiki dərslər müvafiq avadanlıqla təchiz olunmuş otaqlarda keçirilir.
Həmçinin Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, paytaxtda fəaliyyət göstərən mehmanxana və iaşə xidməti obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlər Türkiyə və Ukraynadan dəvət olunmuş turizm xidməti sahəsində peşəkar ekspertlər tərəfindən aparılır.