Bakıda 10-cu “HOREX Caucasus” sərgisi açılacaq
Bakı, 14 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 7-dən 9-dək Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF - 2016”) sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində ənənəvi olaraq, Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus”) sərgisi də start götürəcək. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan “HOREX Caucasus” sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
Bu il “HoReCa” qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distributorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq, sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.
“HOREX Caucasus 2016” sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq.