Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir






Bakı, 11 aprel, AZƏRTAC
Bakıda ADA Universitetinin ev sahibliyi ilə 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu öz işinə başlayıb. Forum Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “Neurotime” və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, forum süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinin təhlil olunduğu nüfuzlu platformadır.
Forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti, Tallin Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları çıxış edərək, innovasiyalar və süni intellektin perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşürlər.
Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunur.
Forumda yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanları geniş şəkildə müzakirə edilir. Bununla yanaşı, Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər də forumun əsas mövzuları arasında yer alır.
6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilir.