Bakıda atletika üzrə birinci dərəcəli məşqçilərin beynəlxalq seminarına start verilib
Bakı, 4 aprel, AZƏRTAC
Milli Olimpiya Komitəsinin inzibati binasında "Olympic Solidarity" və "World Athletics" təşkilatının dəstəyi ilə atletika üzrə birinci dərəcəli məşqçilərin beynəlxalq seminarına start verilib.
AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə, məşqçilərin peşəkarlıq səviyyələrinin artırılmasına, bilik bacarıqlarının təkmilləşdirilməsinə kömək etmək, yeni və müasir tədris metodlarının aşılanmasıdır.
Seminarın ilk günündə məşqçilərə nəzəri məlumatlar verilib.
Seminarın açılışınında Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və yığma komandanın baş məşqçisi Bəhruz Salehli çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Aprelin 13-dək Milli Olimpiya Komitəsi və Respublika Olimpiya Mərkəzində davam edəcək seminar nəzəri və praktiki hissələrdən ibarət olacaq.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.