Bakıda Azərbaycan yazıçısı Aleksandra Azima Reynhardtın kitablarının təqdimatı olub
Bakı, 13 iyul, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycan yazıçısı Aleksandra Azima Reynhardtın üç kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Müqavilə ilə arzu”, “Cəhənnəm mələkləri” və “Ulduzlar yatmır” kitabları onun “Coffee&Milk” romanının davamıdır. Bununla yanaşı, yazıçının “Sərnişinlər-198” və Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabı “Yeva üçün poçtalyon” əsərləri də təqdim edilib. Sonuncu kitab yazıçı və tərcüməçi Təranə Məmməd tərəfindən yazıçı, şair və publisist Rəfail Tağızadə və Azərbaycanın Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Nacinin redaktəsi altında tərcümə olunub.
Flora Naci giriş sözündə A.A.Reynhardtın yaradıcılığını qısa xarakterizə edərək vurğulayıb ki, onun əsərləri Azərbaycanın rusdilli nəsrində, özəlliklə “qadın nəsrində” xüsusi yerə malikdir. O, yazıçının yaradıcılıq dəst-xətinin özünəməxsusluğunu, materialların təqdim edilməsində orijinallığı, roman janrının müxtəlif formalarından istifadə olunduğunu qeyd edib.
Kitabların təqdimatında, həmçinin Rus evinin rəhbərinin müavini Yelena Mazayeva, Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə, kinorejissor, Əməkdar mədəniyyət işçisi Cəmil Quliyev, kollektivin A.A.Reynhardtın kitablarının tərtibatı ilə məşğul olan nümayəndəsi Darina Nesterenko çıxış ediblər. Samirə Mehdiyeva çıxış edərək minnətdarlıqla diqqətə çatdırıb ki, yazıçının kitablarının satışından əldə olunacaq vəsait onun direktoru olduğu ahıl insanlara sosial xidmət üzrə evin hesablarına köçürüləcək. “Yeva üçün poçtalyon” kitabının tərcüməçisi Təranə Məmmədin və kitablardan birinin redaktoru Rəfail Tağızadənin çıxışları xüsusi maraq doğurub.
Təqdimatda iştirak edənlər müəllifə suallar veriblər və A.A.Reynhardt onları böyük həvəslə cavablandırıb. Ədəbiyyat, yazıçının yaradıcılığında rusdillilik, onun həyatı və yaradıcılığı ilə bağlı ən müxtəlif mövzular müzakirə edilib.
Aleksandra Azima Reynhardt (Zülalova) Almaniyada yaşayan və rus dilində yazan Azərbaycan yazıçısıdır. O, Şimali Amerika Yazıçılar Birliyinin, Avrasiya Yaradıcılıq Gildiyasının (London) üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Yazıçının əsərləri Proza.ru və Ridero saytlarında dərc olunur. Bunlarla yanaşı, A.A.Reynhardt 2007-ci ildən fəaliyyət göstərən “İşıqlı gələcək” xeyriyyə fondunun təsisçisidir.