Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Bakıda cüdo hakimləri və məşqçiləri üçün seminar keçirilib. Seminar Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Çurlia tərəfindən təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Beynəlxalq seminarda müxtəlif yarışlarda mübahisəli vəziyyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın və yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və texniki-taktiki aspektlər geniş müzakirə olunub.
Müvafiq video materiallar üzərində fikir mübadiləsi aparılıb. Yüzə yaxın iştirakçının olduğu seminarda hakim və məşqçilərimizin fəallıq göstərərək əksər suallara doğru cavab verməsi və vəziyyətlərə aid maraqlı suallar vermələri təşkilatçıları razı salıb. Təmsilçilərimizin bu fəallığı müsbət hal kimi qiymətləndirilib.