BAKIDA GƏNCLƏRİN BEYNƏLXALQ NOVRUZ FESTİVALI KEÇİRİLİR
Bakı, 17 mart (AZƏRTAC). Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyinin və “Avropa Tələbələr Forumu-Bakı” (AEGEE-Bakı) İctimai Birliyinin təşkilatçılığı ilə “Novruz-2009” - gənclərin beynəlxalq festivalı keçirilir.
Festivalın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və AEGEE-Bakı İctimai Birliyinin prezidenti Emin Əmrullayev bildirmişlər ki, tədbirin məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etmək, ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Festival çərçivəsində 14 ölkədən - Almaniya, Gürcüstan, Ukrayna, Böyük Britaniya, Yaponiya, Türkiyə, Rusiya və digər ölkələrdən 25-dən artıq gənc Azərbaycanın adət-ənənəsi, tarixi ilə bağlı yaxından tanış olmaq imkanı qazanmışdır. Ölkəmizə gələn gənclər Novruz bayramını Azərbaycan ailələrində qeyd edəcəklər. Altı gün ərzində qonaqlar tarixi abidələrə səfərlər edəcək, Bakıda təşkil ediləcək bayram şənliklərində iştirak edəcəklər. Festivalın proqramına əsasən qonaqlar üçün “Dözümlülük”, “Yerli adət-ənənələr və qloballaşma”, “Müasir dünyada mədəniyyət”, “Musiqi özünü ifadə etmə üsulu kimi” mövzularında təlimlər təşkil olunacaqdır. Tədbir və Novruz bayramı haqqında daha çox Avropa ölkələri gənclərinin məlumatlandırılması məqsədi ilə ayrıca internet səhifə (www.novruz.aegee-baki.org) də yaradılmışdır.