Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma tarixi dəqiqləşib
Bakı, 5 aprel, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatının püşkatma mərasimi aprelin 8-də baş tutacaq.
AZƏRTAC xəbər verir ki, mərasim Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbirdə AFFA rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edəcəklər. Mərasimə giriş dəvətnamə ilə olacaq.
Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təşkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq. Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.
Yeri gəlmişkən, artıq püşkatma zamanı kollektivlərin hansı səbətlərdə yer alacağı da dəqiqdir. Azərbaycan yığması ev sahibi kimi avtomatik olaraq A qrupunda yer alacaq. Ən yaxşı reytinqə malik yeddi qrup qalibi (Danimarka, Ukrayna, İtaliya, Almaniya, Portuqaliya, Fransa və Serbiya) birinci səbətdə yer alacaq. Yerdə qalan səkkiz komanda (Belçika, İsveç, İngiltərə, Bosniya-Herseqovina, Hollandiya, İspaniya, Şotlandiya və Avstriya) isə digər səbətdə qərarlaşacaq.