Bakıda konfrans: “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı”
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb.
“Çox təqdirəlayiq haldır ki, Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olub. Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub”, - deyə Ombudsman qeyd edib.
Bildirilib ki, Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib. Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bununla əlaqədar ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, yeni məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki baza yaradılıb.
S.Əliyeva qeyd edib ki, hüquqi islahatlar fonunda ölkə Prezidenti İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatındakı uğurların ən böyük səbəbkarı məhz Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider Azərbaycan xalqının həyatında son dərəcə mühüm rol oynamış tarixi şəxsiyyət və dövlət xadimidir. O, istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan dövründə yürütdüyü siyasətlə vətəndaşlarımızın sosial, iqtisadi, mədəni, hüquqi rifahının yaxşılaşdırılması və inkişafı üçün əvəzsiz töhfələr verib.
Qeyd olunub ki, Ulu Öndər hər zaman insan hüquqlarına və qanun aliliyinin təmin olunması məsələsinə xüsusi həssaslıqla yanaşıb. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanıldı. Ulu Öndər C.Naxçıvanski adına hərbi liseyi yaratmaqla həm də Azərbaycan Ordusu üçün milli kadr potensialının əsasını qoydu. Həmin ordu da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandı.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hamımızın düşüncəsində Heydər Əliyev var: “Ulu Öndər üçün ideoloji fərq yox idi, onun əsas məqsədi xalqa xidmət olub. O, yüz minlərlə insanın həyatında şəxsən iştirak edib. Heydər Əliyev ilə dövlət sözü sanki sinonimdir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ulu Öndərin həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə diqqətindən danışıb. Ulu Öndər Heydər Əliyev tərəfindən qadınlara verilən böyük dəyərin təcəssümü olaraq onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayı təşkil edilib. Bu hadisə ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olub. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Ulu Öndər Heydər Əliyev hərtərəfli şəxsiyyət idi: “On ildən çox bilavasitə onun rəhbərliyi altında işləmişəm. Onun böyük müəllim, dövlətini, xalqını sevdiyinin şahidi olmuşam. Heydər Əliyevin ölkə rəhbərliyi dövründə beş dövlət çevrilişi cəhdi olub. Bu çevrilişlərin qarşısı güc tətbiq etmədən, xalqa olan inam sayəsində alınıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərdən biri olduğunu deyib. Ümummilli Lider hakimiyyəti dövründə Azərbaycan xalqı və dövlətinin mənafeyi üçün mümkün olan hər bir şeyi edib. O, müasirlərini heyrətə gətirən şəxsi keyfiyyətləri, dəmir iradəsi, qətiyyəti, prinsipiallığı və yüksək idarəçilik bacarığı, dövlətçilik təfəkkürü ilə daim millətinə xidmət edib: “Hələ sovet dövründə Azərbaycanda milli düşüncənin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O, hər zaman dünya azərbaycanlılarının Ümummilli Lideri olub, onların problemlərini daim diqqət mərkəzində saxlayıb. Biz, qərbi azərbaycanlılar, bunu daim hiss etmişik və bu, bizə ermənilərin içində öz milli kimliyimizi qorumaq, milli dəyərlərimizi inkişaf etdirmək üçün böyük qüvvət verib”.
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Heydər Əliyevlə bağlı öz xatirələrini paylaşıb. Deyib ki, Ulu Öndər dünya siyasətində fenomenal şəxsiyyət idi. Ölkəmizin çətin dövründə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq, ölkədə vüsət almış vətəndaş müharibəsinin, separatizmin, ölkəni parçalamaq cəhdlərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər gördü.
Milli Məclisin deputatı Kamal Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, O, Azərbaycanda hələ Ombudsman Aparatının olmadığı dövrdə Azərbaycan xalqının hüquqlarını müdafiə edib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən ilk çıxışı Azərbaycanda demokratik, dünyəvi dövlət qurulması ilə bağlı olub. O, Ulu Öndərin ölkəmizdə müasir hüquq düşüncəsinin, təfəkkürünün inkişafı ilə bağlı çox ciddi addımlar atdığını, ən mütərəqqi tarixi sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində dahi Heydər Əliyevin imzasının olduğunu bildirib.
Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev Ulu Öndərin dövlət quruculuğunda rolunun əvəzedilməz olduğunu vurğulayıb: “Heydər Əliyevin ölkəmiz qarşısında böyük xidmətləri var. Onlardan biri də kadrların yetişdirilməsidir. Heydər Əliyev 1969-cu ildən sonra rəhbərlik etdiyi dövrdən başlayaraq hüquq sahəsində milli kadrların yetişdirilməsi üçün böyük töhfələr verib”.
Tədbirdə, həmçinin ombudsman Səbinə Əliyeva Səadət Bənənyarlı, Novella Cəfərova və Səidə Qocamanlıya “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.