BAKIDA NƏQLİYYAT ƏMƏLİYYATLARININ İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİ LAYİHƏSİNİN TƏTBİQİNƏ BAŞLANACAQDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Bakıda nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sistemi layihəsinin tətbiqinə start veriləcəkdir.
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsindən bildirmişlər ki, layihənin həyata keçirilməsi üzrə podratçı şirkət olan Koreya Respublikasının “SK C&C Co. Ltd.” şirkətinin vitse-prezidenti Bakıya gələcəkdir.
İyulda Bakıda səfərdə olan şirkətin nümayəndələri ilə aparılmış danışıqlarda sistemin Azərbaycan paytaxtında quraşdırılması layihəsi ilə bağlı son razılaşmalar əldə edilmişdir. Şirkət rəhbərliyinin Azərbaycana səfəri zamanı həm layihənin son variantı təsdiq ediləcək, həm də şirkətin Bakı ofisinin təntənəli açılış mərasimi keçiriləcəkdir. Bundan sonra paytaxtda sistemin quraşdırılmasına başlanılacaqdır.
Müasir texnologiyanın ən son nümunələrinin tətbiqi ilə quraşdırılacaq “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sistemi” vasitəsilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, marşrut xətlərində avtobusların, taksilərin hərəkətinin idarə olunmasına nəzarət, tıxacların aradan qaldırılmasına yardım göstəriləcəkdir. İdarəetmə mərkəzində hər marşrut xəttinə gündəlik çıxarılan avtobusların sayına, onlar arasındakı məsafəyə, dayanma və hərəkət cədvəllərinə, avtobuslarda sərnişinlərin sayına və s. nəzarət olunacaqdır. Bu sistemin məlumatları televiziya və radio vasitəsilə yayımlanacaqdır. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınması nəzərdə tutulur. Həmçinin, mobil telefonlar vasitəsilə də şəhərin küçələrində nəqliyyatın hərəkət vəziyyətini öyrənmək mümkün olacaqdır.
Bakıda quraşdırılması nəzərdə tutulan intellektual idarəetmə sistemi dünyanın ən müasir nəqliyyat sistemi olacaqdır.