Bakıda Rusiya Mətbuat Günü qeyd olunub
Bakı, 13 yanvar, AZƏRTAC
Bakıdakı Rus Evində (RİMM) Rusiya Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Rusiya Mətbuat Günü yanvarın 13-də qeyd edilir, çünki məhz bu gün Rusiyada ilk çap qəzeti buraxılıb. I Pyotrun fərmanına əsasən təsis edilmiş rusdilli “Vedomosti” qəzetinin ilk sayı 1703-cü il yanvarın 13-də işıq üzü görüb.
Ənənəvi olaraq bu bayram münasibətilə Bakıdakı Rus Evi tərəfindən Rusiya-Azərbaycan əməkdaşlığını fəal şəkildə işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi, pianoçu Alina İnyakinanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və məzunlarının çıxışı ilə başlayıb.
Görüşdə humanitar əlaqələrin fəal işıqlandırılması və informasiya sahəsində əməkdaşlığa görə bir sıra jurnalist və nəşrlər Bakıdakı Rus Evi tərəfindən fəxri fərmanlarla təltif olunub. Təltif olunanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları Leyla Muradzadə və Tofiq Babayev də var.
Mükafatları Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Alina Zolotaryova və Bakıdakı Rus Evinin rəhbərinin müavini Yelena Mazayeva təqdim ediblər.