“Baku Travel Bazaar Europe” sərgisi bu dəfə Avropanın turizm bazarına həsr edilib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 5-də paytaxtın “Fairmont Baku” otelində növbəti “Baku Travel Bazaar” beynəlxalq elit turizm sərgisi keçirilib. Sərgi bu dəfə bütünlüklə Avropanın turizm bazarına həsr edilib. Ənənəvi olaraq “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil edilmiş tədbirdə Avropanın çoxsaylı ölkələrindən dəbdəbəli otellərin, turizm şirkətlərinin, kurortların, klinikaların, təhsil və ticarət müəssisələrinin, avtomobil icarəsi üzrə şirkətlərin nümayəndələri iştirak ediblər. Azərbaycanın 200-dən çox aparıcı turizm şirkətinin və Gürcüstanın təxminən 20 təşkilatının nümayəndələri seminar iştirakçısı kimi dəvət edilib.
“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyevanın sözlərinə görə, “Baku Travel Bazaar Europe” sərgisinin məqsədi Azərbaycanın turizm bazarı peşəkarlarına Avropadan olan potensial tərəfdaşları ilə tanışlıq və sıx münasibət imkanları yaratmaqdır. O deyib: “Turizm bazarı nümayəndələrinin heç də hamısının tərəfdaşlarla tanışlıq məqsədilə səyahət etmək imkanı olmur. “Baku Travel Bazaar Europe” sərgisinə gələnlər burada müxtəlif ölkələrin çoxsaylı nümayəndələri ilə qısa müddətdə tanışlıq yaratmaqla sanki dünya səyahətinə çıxmış olurlar. B2B görüş formatı turizmin hər konkret istiqamətini təfsilatı ilə öyrənməyə, yeniliklərlə tanış olmağa, sənayenin son tendensiyalarından xəbər tutmağa, zəruri olan müsbət təcrübə toplamağa imkan yaradır. Bakıya həmkarları ilə görüşmək üçün gəlmiş 65-dən çox Avropa şirkətinin nümayəndələri Azərbaycan bazarı ilə əlaqə qurmağa və əməkdaşlıq etməyə olduqca maraq göstərirlər”.
Hazırkı tədbirin iştirakçıları sırasında İsveçrə, Fransa, Almaniya, İtaliya, Türkiyə, Böyük Britaniya, Sloveniya və digər ölkələrdən şirkətlər yer alıb. Ən böyük nümayəndə heyətlərindən biri İsveçrədən gəlib və bu ölkədə istirahətin, alış-verişin və təhsilin təşkili sahəsində çoxsaylı təkliflər təqdim edir. Onların sırasında “Swiss Medical Network” İsveçrə özəl klinikalarının əsas qrupu, “Les Ambassadeurs” saa və nüfuzlu zərgərlik məmulatlarının mağazalar şəbəkəsi, habelə saat, zərgərlik məmulatları, lyuks sinif dəri məmulatı ticarəti ilə məşğul olan “Kirchhofer” ailə müəssisəsi, Cenevrə Turizm və Konvensiyalar Fondu və başqalarını qeyd etmək olar.
Tədbirin digər ölkələrdən olan iştirakçıları sırasında Antalyada ən böyük ailə oteli kompleksi kimi fəaliyyət göstərən “Ela” kurort kompleksini (Belek, Türkiyə), “Armani Milano” (İtaliya) otelini, İspaniyanın “El Corte Inglés” ticarət evlərini və başqalarını göstərmək olar.
İ.Vedeneyeva deyir: “Bu və ya digər tədbirin uğurunu onun iştirakçılarının müsbət rəylərinin sayına görə müəyyən etmək olar. “Baku Travel Bazaar Europe” sərgisinin iştirakçılarının çoxu artıq bir neçə ildir ki, Bakıya qayıdırlar. Bu, Azərbaycan bazarının daim inkişaf edən yüksək potensialını, azərbaycanlıların keyfiyyətli istirahəti və səyahət etməyi sevməsini təsdiqləyir. Azərbaycanın turizm industriyasının nümayəndələri də öz növbəsində müştərilərinə düzgün və nəzakətli məsləhət vermək üçün bu sahədəki yenilikləri daim öyrənmək istəyirlər. Buna görə də onlar daim dəyişilən turizm təklifləri aləminin özünəməxsus kompası olan “Baku Travel Bazaar Europe” sərgisinə gəlirlər.
Emil Eyyubov
məxsusi olaraq AZƏRTAC üçün