Balakəndə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Balakən, 19 yanvar (AZƏRTAC). Balakəndə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, qəsəbə və kəndlərdə anma mərasimləri, xatirə gecələri, elmi konfranslar keçirilir, idman turnirləri, rəsm sərgiləri təşkil olunur.
Hüzn günü ilə əlaqədar mərkəzi kitabxanada “Qanlı Yanvar” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, “Tarix tək qaldı o gecə” mövzusunda sərgi təşkil edilmişdir. Bundan əlavə, tarix-diyarşünaslıq muzeyində “Onlar Azərbaycanın istiqlalı uğrunda şəhid oldular”, gənclər və idman idarəsində “Tariximizin qan yaddaşı”, Heydər Əliyev muzeyində “20 Yanvar - faciə günümüz, qürur günümüzdür” mövzularında “dəyirmi masa”lar keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilmişdir. Turnirdə 32 komanda iştirak etmişdir.
Yanvarın 19-da rayon İcra hakimiyyətinin başçısı Asif Məmmədov, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, minlərlə balakənli Şəhidlər xiyabanına gələrək şanlı tariximizin qəhrəmanlarının əziz xatirəsini ehtiramla yad etmiş, abidənin önünə qırmızı qərənfil və çiçək dəstələri düzmüşlər. Anma mərasiminin iştirakçıları 20 Yanvarın xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirmişlər.