Bədii gimnastlarımız Fransa və Çexiyada beynəlxalq turnirlərdə uğurla çıxış ediblər
Bakı, 10 may, AZƏRTAC
Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə “Souvenir Véronique De Kristoffy” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız Marina Durunda yarışda 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent). Altıncı gümüş medalı M.Durunda komanda hesabında Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə G.Şəfizadə və İ.Məmmədova müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.
Həmçinin, gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” beynəlxalq turnirdə iplə hərəkətlərdə gimnastımız Veronika Qudis sahib olub.