BELARUSDA YENİ ALİ MƏKTƏB – JURNALİSTİKA İNSTİTUTU AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, Belarus Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi Jurnalistika İnstitutu statusu almışdır. Yeni qurumun yaradılmasında məqsəd Belarusda jurnalist təhsilinin səmərəsini artırmaq və dövlət kütləvi informasiya vasitələrini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.
İnstitutda iki fakültə olacaqdır: jurnalistika fakültəsi (ali təhsil alanlar üçün) və jurnalist kadrlarının ixtisasartırma fakültəsi. İnstitutda təhsil təsərrüfat hesabı əsasında təşkil ediləcək, buraya müdavimlər KİV rəhbərlərinin zəmanətləri üzrə göndəriləcəkdir. Hazırda jurnalistika fakültəsində beş ixtisas üzrə kadrlar hazırlanır: jurnalistika (mətbu KİV), jurnalistika (audiovizual KİV), beynəlxalq jurnalistika, informasiya və kommunikasiyalar, ədəbi iş. Yeni dərs ilinin əvvəlindən veb- və onlayn- jurnalistlər hazırlanmasına başlanmışdır. Bu, müasir dövrün tələblərindən irəli gəlir. Kompyuter və internet texnologiyalarının fəal inkişafı, heç şübhəsiz, jurnalistika sahəsinə də təsir edir. Hazırda hətta rayon miqyaslı qəzetlərin elektron versiyaları da kifayət qədər sürətlə genişlənir.
Sentyabrın 16-da Belarus Dövlət Universitetinin gələcək jurnalistlər üçün tikilmiş yeni tədris korpusunda multimedia kitabxanasının təntənəli açılışı olacaqdır.