BERLİNDƏ ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Berlin, 2 aprel (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən “Azərbaycan evi” cəmiyyəti, “Alman-Azərbaycan Həmrəylik cəmiyyəti”, “Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi” (AAKM) və “Ocaq mədəniyyət cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin buradakı səfirliyinin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında piket keçirilmişdir.
Təqribən 35 nəfərin iştirakı ilə keçirilmiş etiraz aksiyasında qeyd olunan təşkilatların fəalları, Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımız və vaxtilə Azərbaycanda yaşamış, hazırda isə Berlində məskunlaşmış yəhudi icmasının üzvləri iştirak etmişlər.
Bir saat davam etmiş aksiyada piketçilər Azərbaycan bayraqlarını, müvafiq transparantları əldə tutaraq, səs gücləndiriciləri vasitəsilə Azərbaycanın dövlət himnini oxumuş, “Qarabağ“ sloqanlarını səsləndirmiş və “Çırpınırdı Qara dəniz” mahnısını ifa etmişlər.
Daha sonra, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında hazırlanmış müraciət piketçilər tərəfindən meqafon vasitəsilə səsləndirilmiş və Ermənistanın səfirliyinə təqdim olunmuşdur.
Tədbirin davamı olaraq, saat 18.00-da AAKM-in ofisində anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış etmiş səfir, piketin təşkilinə göstərdikləri dəstəyə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirmiş, gələcəkdə keçiriləcək bu kimi tədbirlərdə azərbaycanlıların daha fəal olmasını tövsiyə etmişdir. Səfir 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında məlumat vermiş, 31 mart tarixinin 1998-ci ildən etibarən Azərbaycanda soyqırımı günü kimi tanınmasında, tarixi araşdırmaların aparılmasında və bu tarixin dünyanın bir çox ölkələrində Azərbaycan icması tərəfindən qeyd olunmasında ümummili lider Heydər Əliyevin rolu barədə danışmışdır. Ermənilər tərəfindən Azərbaycana qarşı aparılmış siyasətin nəticəsi kimi, azərbaycanlıların öz doğma torpaqlarından çıxarılması kimi faktların Avropa və o cümlədən alman ictimaiyyətinə çatdırılmasının zəruriyyəti bildirilmişdir. Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan rəhbərliyinin mövqeyini açıqlamış, Ermənistan-Azərbaycan danışıqları barədə məlumat vermiş, ölkəmizdə həyata keçirilən iqtisadi layihələr barədə söhbət açmışdır.
Tədbirin sonunda ermənilər tərəfindən soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsinə ehsan süfrəsi açılmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
