BERN ŞƏHƏRİNDƏ AZƏRBAYCAN GÖMRÜYÜNÜN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ KİTABLARIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsveçrənin paytaxtı Bern şəhərində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” kitablarının təqdimatı keçirilmişdir.
Azərbaycanın İsveçrədəki səfirliyinin və DGK-nın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Türkiyənin bu ölkədəki səfiri Alev Kılıç, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov qədim və zəngin Azərbaycan tarixinin Avropada tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ölkəmizin tarixindən danışmış, Azərbaycan və türk xalqlarının dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişdir. O, ermənilər tərəfindən dost və qardaş xalqlarımıza qarşı həyata keçirilən riyakar, hiyləgər əməlləri sübut edən tarixi faktlar barədə ətraflı məlumat vermiş, müasir dövrdə bu məkrli niyyətlərin qarşısının alınması istiqamətində birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan gömrüyünün də mürəkkəb və şərəfli bir tarix yaşadığını qeyd edən Y.Mahmudov Asiya və Avropa ölkələri arasında beynəlxalq ticarət əlaqələrinin həyata keçirilməsində çox mühüm rol oynayan Böyük İpək yolunun məhz Azərbaycan ərazisindən keçdiyini diqqətə çatdırmışdır. Y.Mahmudov “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” kitabında ermənilərin əzəli torpaqlarımıza köçürülməsinə dair tarixi sənədlərin və digər maraqlı faktların əksini tapdığını da bildirmişdir.
Ziyafətlə davam edən mərasimdə Azərbaycan musiqisinin pianinoda ifası qonaqların zövqünü oxşamışdır.