Beynəlxalq konfransda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə məlumat verilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi, Mərakeş Krallığı parlamenti və Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə “Dinlərarası Dialoq üzrə Parlament Konfransı: Ortaq gələcəyimiz naminə birgə fəaliyyət” mövzusunda keçirilən konfransda çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Adil Əliyev müzakirə olunan mövzunun dünyada cərəyan edən hadisələr fonunda aktuallığı barədə fikirlərini bildirib. O, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını qeyd edib, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin təməlində tolerantlıq ideyalarının dayandığını diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” barədə konfrans iştirakçılarını məlumatlandırıb. Dövlətimizin multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan etdiyini bildirən Adil Əliyev 2016-cı ilin Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Multikulturalizm İli” elan olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Sədr müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44 günlük Vətən müharibəsinin nəticələri, hazırda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi barədə məlumatlandırılıb, sülh sazişinin imzalanmasından yayınmağa çalışdığı diqqətə çatdırılıb.
Çıxış zamanı multikulturalizm və dini tolerantlıq nümunəsi olan Azərbaycandan fərqli olaraq, dini ayrı-seçkilik və radikal milliyyətçiliyin monoetnik Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəkləndiyi təəssüflə qeyd olunub. Ötən əsrin 80-ci illərinin sonlarında 250 minə yaxın azərbaycanlının yalnız dini və milli fərqliliklərinə görə hazırkı Ermənistandan deportasiya olunduğu vurğulanıb. Eyni zamanda, 30 illik işğal dövründə Azərbaycana məxsus infrastrukturun, şəhər və kəndlərin, yaşayış məntəqələrinin, tarixi-dini abidələrin Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri tərəfindən talanması, dağıdılması faktı iştirakçıların diqqətinə çatdırılıb. Vaxtilə Qarabağda mövcud olmuş 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, tövlə kimi istifadəsinin dözülməz olduğu bildirilib. Bunun yalnız təkcə müsəlmanlara deyil, bütün inanclara münasibətdə təhqir, hörmətsizlik olduğu diqqətə çatdırılıb.
Adil Əliyev Azərbaycanın hazırkı mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının ölkəyə tam reinteqrasiya edilməsi prosesi ilə yaxından məşğul olduğunu və bu məqsədlə erməni əsilli əhali ilə birbaşa təmasların qurulduğunu da diqqətə çatdırıb. O, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla təmaslarda Azərbaycan parlamentinin üzvünün iştirak etdiyini bildirib.