Beynəlxalq toplantıda son illər Azərbaycanın sosial təminat sahəsində uğurları yüksək qiymətləndirilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Moskvada keçirilən illik ümumi iclasında iştirak edib. İclasda Assosiasiyanın ötən dövr ərzində fəaliyyəti, üzv dövlətlərin pensiya və sosial fondlarının əldə etdikləri uğurlar, sosial inkişaf parametrlərinin vahid metodologiya əsasında müəyyən edilməsinə imkan verəcək çevik qiymətləndirmə indeksinin tərtib edilməsi məsələləri müzakirə olunub. Assosiasiyanın yaranmasının 30 illik yubileyinə hazırlıq məsələsi nəzərdən keçirilib, üzv ölkələrin təqdimatları dinlənilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov son illər Azərbaycanda sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində əldə olunan mühüm irəliləyişlər barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, sosial təminat sahəsində aparılan geniş islahatları, əhaliyə göstərilən elektron xidmətləri, sosial ödənişlərin təyinatında proaktiv xidmətlərin tətbiqi təcrübəsini qeyd edib. Fondun fəaliyyətinin optimal əsaslar, əhaliyə xidmət modeli üzərində təkmilləşdirilməsi tədbirlərini diqqətə çatdırıb.
Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov və Rusiya Pensiya Fondunun İdarə Heyətinin sədri Andrey Kiqim Azərbaycanda sosial xidmətlərin elektronlaşdırılması və proaktiv təşkilinin maraqla izləndiyini və bu sahədə ölkəmizin böyük yol qət etdiyini qeyd ediblər.
Görüş zamanı proaktiv xidmətlərin göstərilməsi təcrübəsi ilə əlaqədar Rusiya tərəfini maraqlandıran suallar Dövlət Sosial Müdafiə Fondunun rəhbəri tərəfindən cavablandırılıb. Assosiasiyaya üzv dövlətlərin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycanda həyata keçirilən islahatları maraqla qarşılayıblar. Xüsusilə sosial sahədə əhaliyə elektron əsaslı proaktiv xidmətlər infrastrukturunun formalaşdırılması sahəsində son illər ölkəmizdə əldə olunan uğurları yüksək qiymətləndiriblər. Onlar Azərbaycanın bu sahədəki təcrübəsinin öz ölkələrində tətbiqi perspektivlərindən bəhs ediblər.
İclasda bu ilin axırlarında Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensial, həll yolları” mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təşkilati məsələlərinə də toxunulub. Digər üzv dövlətlərin təqdimatları olub, təcrübə mübadiləsi aparılıb.