REGİONLAR
Biləsuvarda pambıq şum işləri yekunlaşır VİDEO
Biləsuvar, 6 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarlı pambıqçılar 2022-ci təsərrüfat ilinə daha erkən başlayıblar. Bu günədək 5 min 200 hektara yaxın sahədə qış şumu başa çatdırılıb. Yaz-tarla işlərinə hazırlıq görülür.
AZƏRTAC xəbər verir ki, biləsuvarlı fermerlər builki mövsümə daha əzmlə başlayıblar. Onların sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. İndiyədək 5 min hektardan artıq sahədə pambıq əkini ilə bağlı qış şumu başa çatdırılıb, 1000 hektardan çox sahədə təkrar şum işləri aparılıb. Strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və yüksək məhsuldarlıq götürmək üçün son iki ildə təsərrüfat sahibləri rayonda “Vahid sahədə vahid əkin” konsepsiyasına üstünlük verirlər. Artıq “MKT-Biləsuvar” filialı, “P-aqro”, “CTS təcrübə”, “Azərpambıq” MMC ilə bu günədək 5 min 800 hektar sahədə pambıq əkilməsi üçün 911 məhsul istehsalçısı ilə müqavilə bağlanıb və səpinə hazırlıq işlər davam etdirilir.
Fermer Hənifə Həmidov: “Payızdan bu sahələrə aqrotexniki qulluq göstəririk. İndi də şum işləri gedir. Bundan sonra diskiləmə gedəcək. Daha sonra isə arat işləri həyata keçiriləcək. İndi aprel ayına əkin üçün hazırlıq aparırıq”.
Fermer Rafiq Mirzəyev: “Bu il 10 hektara yaxın pambıq əkəcəyəm. Ötən il yaxşı məhsuldarlıq əldə etmişəm. Baxmayaraq ki, bir müddət rayonumuzda su çətinliyi oldu. Fermer kimi yüksək rəqəm götürdüm. Bu illəri də məqsədimiz tarlamızdan bundan artıq məhsul yığmaqdır. Təxminən 33-35 sentnerə yaxın pambıq istehsal etməyi qarşıya məqsəd qoymuşuq. Birinci şuma dekabrdan başlamışıq. İndi diski işlərini görürük. Yağıntılar olduqdan sonra mala işlərinə başlayacağıq. Aprelin 15-dən sonra isə çiyid səpininə çıxacağıq”.
Fermerlərin pambıq istehsalına marağının artması bu sahəni daha da rentabelli hala gətirib. Xüsusən xam pambığın tədarükçü şirkətlər tərəfindən alış qiymətindəki artım, məhz dövlət dəstəyinin genişləndirilməsi hesabına baş verib.
Fermer Rasim Mirzəyev: “Biləsuvarda pambıqçılığa böyük maraq var. Həmişə rayonda bu sahədə yaxşı nəticələr əldə olunub. Hazırda tarlamızda şum işləri aparırıq. Subsidiyamızı alırıq və məni qane edir. Neçə illərdir pambıq əkirəm. Ötən il 30-35 sentner “ağ qızıl” məhsulu yığdım. Bu il də 6 hektar yer almışam, pambıq əkəcəyəm”.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonda ötən mövsüm 8 min 440 hektara yaxın “ağ qızıl” tarlalarından fermerlər 21 min tondan çox keyfiyyətli pambıq toplayıblar. Yeni mövsümə hazırlıq görən istehsalçılar çiyid səpininə optimal müddətdə mart ayının sonu, aprel ayının əvvəllərində başlayacaqlar.