“BİLİK GÜNÜ” MASALLIDA DÖRD YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
Masallı, 17 sentyabr (AZƏRTAC). “Bilik günü” Masallı rayonunda dövlət vəsaiti ilə inşa edilmiş dörd yeni məktəb binasının istifadəyə verilməsi ilə yadda qalmışdır.
Həmin gün 480 yerlik Banbaşı və Sığdaş 220 yerlik Babaser, 360 yerlik Hişkədərə kənd məktəblərinin açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev rayonun təhsil işçilərini və şagirdləri Bilik günü münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Məlumat vermişdir ki, son 5 ildə rayonda 20 yeni məktəb binası və 2 əlavə korpus tikilmişdir. Yeni məktəblərin 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.
Milli Məclisin deputatları Elmira Axundova və Sabir Rüstəmxanlı müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, yeni qəbul edilmiş Təhsil Haqqında Qanunun ölkəmizdə təhsilin daha da inkişaf etməsinə, gənclərin hərtərəfli biliklərə malik, yüksək intellektli nəsil kimi yetişməsində böyük rol oynayacağına əminliklərini vurğulamışlar.
Deputatlar yeni məktəblərdə yaradılan şəraitlə yaxından tanış olmuş, kollektivlərə hədiyyələr təqdim etmişlər.
Müasir üslubda inşa edilmiş məktəblərdə fənn kabinetləri, kitabxanalar, idman zalları, laboratoriyalar hər cür avadanlıqla təchiz olunmuşdur. Dərslərin yüksək səiyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır.