Binəqədi I seçki dairəsində seçkilərin gedişini 400-dən çox müşahidəçi izləyir
Bakı, 23 dekabr, Səxavət Quliyev, AZƏRTAC
8 saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçir.
Dairə seçki komissiyasının sədri Natiq Əliyev AZƏRTAC-a bildirib ki, seçki dairəsi üzrə 39 seçki məntəqəsi mövcuddur və 45 min 553 seçici qeydə alınıb. Onların 38 faizini gənclər təşkil edir. Ən yaşlı seçicinin 112 yaşı var. İlk dəfə səs verəcək seçicilərin sayı isə 299 nəfərdir.
Dairə seçki komissiyası tərəfindən bələdiyyə üzvlüyünə 62 namizəd qeydə alınıb. 10 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsilə seçkilərin gedişini dünyanın istənilən yerindən onlayn izləmək mümkündür.
Dairə üzrə 287-si siyasi partiyaların nümayəndələri olmaqla ümumilikdə 409 müşahidəçi qeydə alınıb.