“Birinci Bakı Ekoloji Marafonu”nun təqdimatı olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycanın Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda “Birinci Bakı Ekoloji Marafonu”nun təqdimatı olmuşdur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov bildirmişdir ki, layihə BŞGİBİ-nin təşkilatçılığı ilə “Ekologiya İli” çərçivəsində keçirilir. Marafonun məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onların ekoloji maarifləndirilməsidir. Bildirmişdir ki, ətraf mühitin mühafizəsi məsələlərinə cəmiyyətin hər bir üzvü dəstək verməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Amil Sefiyev layihənin əhəmiyyətindən danışmışdır. “Ekologiya İli” çərçivəsində nazirlik tərəfindən görülmüş işlər haqqında məlumat vermişdir.
Tədbirdə qeyd olunmuşdur ki, layihə çərçivəsində rəsm sərgisi, şeir və şüar müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı ətraf mühitin qorunması, təbiətin mühafizəsi və ekoloji problemlərin həllinə həsr olunmuş ekoloji layihələrin təqdimatı və müxtəlif aksiyaların (dəniz kənarı sahildə, avtomobil yollarında, metroda və s) gerçəkləşdirilməsi də gözlənilir.
“Ekologiya və mən ” mövzusuna həsr edilmiş müsabiqələrin keçirilməsi, ekoloqların, həkimlərin, orta məktəb və ali təhsil müəssisələrinin müəllimlərinin iştirakı ilə “İdman və ekologiya” yürüşü, “Sağlam həyat tərzi və ekologiya”, “Yaşıl qatar” adlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Müsabiqələrin sonunda qaliblər mükafatlandırılacaqlar.
######
