Birləşmiş Ərəb Əmirliklərində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin təşəbbüsü ilə Dubayda 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Bankının BƏƏ-dəki nümayəndəliklərinin əməkdaşları, ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və BƏƏ-nin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Səfir Elxan Qəhrəmanov mərasimi giriş sözü ilə açaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından danışmışdır. Diplomat Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazlarını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını tədbir iştirakçılarına xatırlatmışdır. E.Qəhrəmanov vurğulamışdır ki, 20 Yanvar hadisələrinə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı S.Rüstəmxanlı 20 Yanvar hadisələrinin canlı şahidi kimi faciə ilə bağlı öz xatirələrini bölüşmüşdür.
Tədbirin sonunda faciə haqqında film nümayiş etdirilmişdir.
######
![]() |
![]() |

