BMT BAŞ MƏCLİSİNİN 63-CÜ SESSİYASININ GÜNDƏLİYİNƏ 160 MƏSƏLƏ DAXİLDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Nyu-Yorkda BMT-nin Baş Məclisinin 63-cü sessiyası öz işinə başlayacaqdır. Sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəkdir.
Baş Məclisin 62-ci sessiyasında 300-ə yaxın qətnamə qəbul edilmişdir. Həmin sessiyada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə” qətnamə də qəbul olunmuşdu.
BMT bu qətnamə ilə Azərbaycanın suverenliyinə hörmət etdiyini və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar çərçivəsində tanıdığını, Ermənistan hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən təcili, tam və qeyd-şərtsiz çıxmasını bir daha tələb edir. Bundan əlavə, qətnamədə bildirilir ki, Baş Məclis münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması və onlara kompensasiyaların ödənilməsi hüququnu tanıyır, Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün həmsədrlərin səylərinin artırılmasını arzulayır.
Baş Məclisin 62-ci sessiyası BMT-nin baş katibindən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə” qətnamənin icrası ilə bağlı 63-cü sessiyada hesabat hazırlamaq xahişi ilə də çıxış etmişdi.
BMT Baş Məclisinin 63-cü sessiyasının ilk iclasının gündəliyinə 160 məsələ daxildir. Əsas mövzular dünyada sülh və təhlükəsizliyin təmin olunması, terrorçuluqla mübarizə, insan hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi, sosial və iqtisadi inkişaf məsələləridir. İclasda müzakirə olunacaq əsas məsələlərdən biri də QİÇS-lə mübarizə mövzusudur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 29-da Baş Məclisdə çıxış edəcəkdir.