BMT-nin Baş katibi Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar müraciət etmişdir
Bakı, 21 may (AZƏRTAC). Mayın 22-də Beynəlxalq Biomüxtəliflik Günü qeyd edilir. Bu il o, “Meşələrin biomüxtəlifliyi: Yer kürəsinin canlı sərvəti” mövzusuna həsr olunmuşdur. BMT-nin Baş katibi Pan Gi Mun bu münasibətlə müraciətində sabit inkişaf üçün meşələrin əhəmiyyətini qeyd etmiş və meşə sahələrinin azalmasından narahat olduğunu bildirmişdir.
BMT-nin Baş Məclisi 2011-ci ili Beynəlxalq meşələr ili elan etmişdir. Yer kürəsinin quru sahəsinin 31 faizi meşələrlə örtülmüşdür. Meşələr, həmçinin, planetimizin ağciyəridir. Dünya üzrə meşələrin 13 faizi mühafizə olunan təbiət əraziləridir. Son 10 ildə meşələrin azalması sürəti ildə 16 milyon hektar, 1990-cı illərdə isə 13 milyon hektaradək azalmışdır. Buna baxmayaraq, meşələrin qırılma sürəti, xüsusən, Cənubi Amerika və Afrikada narahatlıq doğuracaq dərəcədə yüksək səviyyədədir.
Pan Gi Mun demişdir: “Meşələrin gətirdiyi faydanın sayı-hesabı yoxdur. Meşələr suyu özünə çəkir və qoruyur, torpağı nəmləndirir, biomüxtəlifliyə şərait yaradır, iqlimin, habelə iqlim dəyişmələrinə gətirib çıxaran parnik qazlarının tənzimlənməsinə əhəmiyyətli töhfə verir. Meşələr dünyanın hər yerində şirkətlərə qazanc gətirir, yüz milyonlarla yoxsul insanı zəruri gəlir və dolanışıqla təmin edir”. Pan Gi Mun əlavə etmişdir ki, meşələrin gətirdiyi faydanı başa düşməyimizə baxmayaraq, onlar təhlükəli sürətlə Yer üzündən yoxa çıxmaqdadır.
Builki Beynəlxalq Biomüxtəliflik Günü təcili tədbirlər zərurətini vurğulamağa çağırır. Ötən il Yaponiyanın Naqoya şəhərində keçirilən biomüxtəliflik üzrə zirvə görüşündə hökumətlər biomüxtəliflik üzrə yeni strateji planı razılaşdırmışlar. Zirvə görüşündə razılaşdırılmış məqsədli göstəricilər təbii yaşayış məskənlərinin, o cümlədən meşələrin itirilməsi, deqradasiyası və fraqmentasiyası sürətinin 2020-ci ilədək xeyli azaldılmasını nəzərdə tutur. Yaponiyada razılaşdırılmış ən mühüm sənədlərdən biri genetik resurslara yol tapmağı və onların tətbiqindən əldə olunmuş mənfəətin ədalətli və bərabər əsasda birgə istifadəsini tənzimləyən Naqoya protokolu olmuşdur.
Pan Gi Mun demişdir: “Meşələr biomüxtəlifliyin nəhəng və əslində, hesablanmamış resurslarını qoruyur. Bu protokolun tezliklə ratifikasiya olunması və həyata keçirilməsi meşələrin mühafizəsinə və biomüxtəliflikdən davamlı istifadəyə kömək edə bilər. O əlavə etmişdir ki, belə yanaşma yoxsulluğun miqyasının azaldılmasına əhəmiyyətli töhfə verə, sabit milli inkişafa kömək edə bilər.
Baş katib xatırlatmışdır ki, dünya liderləri meşələrdən istifadənin Rio-de-Janeyro prinsiplərini təxminən 20 il əvvəl yüksək səviyyədə “Yer planeti” görüşünün əsas yekunları sırasına daxil etmişlər. Bioloji müxtəliflik haqqında Konvensiya da həmin görüş çərçivəsində qəbul edilmişdir. Gələn il dövlətlər BMT-nin sabit inkişaf üzrə konfransda iştirak etmək üçün yenə də Rio-de-Janeyroya toplaşacaqlar.
Pan Gi Mun cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini meşələrin bütün növlərinin idarə olunmasına, onların mühafizəsinə və sabit inkişafına sadiq olduqlarını nümayiş etdirməyə çağırmışdır.