Boks üzrə dünya çempionatının bürünc medalçısı: Yeni çəki mənim üçün uğurlu oldu
Bakı, 8 noyabr, AZƏRTAC
Dünya çempionatına komandamız yaxşı hazırlaşmışdı. Hər birimiz özümüzə inanırdıq. Məhz bu inamın nəticəsində komandamız ümumi hesabda altıncı yeri tutdu. Bu çox böyük nailiyyətdir. Mən də yeni çəkidə mübarizə aparırdım və özümə güvənirdim. Bunun da nəticəsini gördüm. Böyüklər arasında qatıldığım ilk dünya çempionatında bürünc medala sahib oldum. Mükafatımın əyarı qızıl da ola bilərdi. Kiçik səhvlər nəticəsində belə alındı. Amma bundan sonrakı yarışlarda daha yaxşı olacağına inanıram.
Bu sözləri boks üzrə dünya çempionatında bürünc medal qazanmış millimizin üzvü Sərxan Əliyev (71 kq) deyib.
Boksçu yarımfinaldakı məğlubiyyətindən də danışıb: “Hər şey mən istəyən kimi gedirdi. Düzgün taktika da seçmişdim. Amma bir az yoruldum, dözümlük çatmadı ki, onu məşqlərlə aradan qaldırmaq olar. Yeni çəki mənim üçün uğurlu oldu və bunu da aradan qaldırıb, inşallah bir nömrəyə çevriləcəyəm”.
Sərxan Əliyev bildirib ki, eyni gündə qardaşı Tayfur Əliyevin (60 kq) də rinqə çıxması onu həyəcanlandırıb: “Qardaşımın döyüşü olanda öz çıxışımdan daha çox həyəcanlanıram. Tayfur məğlub olduqdan 3-4 döyüş sonra rinqə mən çıxacaqdım. Həmin anda özlüyümdə dedim ki, bu əziyyətimizi yerdə qoymayacağam. Heç olmasa mən nailiyyət qazanım və bunu da bacardım”.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Belə ki, Alfonso Dominqes (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.