Botanika İnstitutunun əməkdaşları invaziv növləri araşdırıblar
Bakı, 26 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Kəmalə Əsədova və Geobotanika şöbəsinin əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Rəna Abdıyeva, Nigar Mürsəl qızı tərəfindən Qazax rayonunun ərazisində çöl-tədqiqat işləri aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”ya uyğun olaraq ölkə Prezidentinin müvafiq Sərəncamının icra vəziyyətinin araşdırılması məqsədilə aparılıb. Tədqiqatın məqsədi floraya yad mənşəli invaziv növlərin sayının və populyasiyalarının öyrənilməsi, rayonda zonallıq təşkil edən formasiyaların təyini, rayon ərazisində yad mənşəli növlərin qeydiyyatının aparılması və Qarayazı Dövlət Təbiət Qoruğunda və digər meşə massivlərində bu növlərin mövcudluğunun öyrənilməsi olub. Elmi tədqiqat işi rayonun Daş Salahlı, Şıxlı, Muğanlı, Köçvəli, Poylu, Saloğlu, Soyuqbulaq, Böyükkəsik, Sadıqlı, Şəkərli, Ağköynək, Damcılı ərazilərini əhatə edib. Rayonun relyefi səthi, əsasən düzənlikdir. Tərəfimizdən aparılan müşahidələr nəticəsində məlum olub ki, rayonun dağlıq ərazisində - ağcaqayın, palıd üstünlüyü ilə enliyarpaq dağ meşələri, dağətəyi ərazilərdə qaratikan, düzən sahələrdə isə yovşan, şoran, yovşanlı-şoran, efemerli səhra və yarımsəhralar, o cümlədən yulqun formasiyaları zonallıq təşkil edir.
Kür çayı boyu (o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğu) və onun ətrafında yerləşən düzən, tuqay meşələrində hazırda əsas meşə əmələ gətirən ağaclar, uzunsaplaq palıd, ağyarpaq qovaq və yemişan çoxluq təşkil edirlər. Bundan başqa, qarağac, yabanı alça, armud, alma, əzgil, Qafqaz xurması, dəvədabanı, adi zirinc, adi birgöz, böyürtkən, mərəvcə, “Qırmızı Kitab”a daxil edilmiş yabanı meşəüzümü və daş sarmaşığı qeydə alınıb. Otlardan gürcü güləvəri zonallıq təşkil edir. Ona rayonun həm antropogen təsirə məruz qalmış ərazilərində, həm də təbii sahələrində rast gəlinir. Tədqiqat aparılan ərazidə 12 yad mənşəli növ qeyd olunub. Bunlardan hazırda 3-ü transformer, yəni təbii bitki landşaftını dəyişən növlərdir.